Ermənistanın baş naziri Nikol Paşinyan naşılığından doğan kobud diplomatik səhvi -  “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə özünü və ölkəsini çətin vəziyyətə qoyub. Hazırda bu ölkənin siyasi təhlilçiləri və mediası rəsmi İrəvanın Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl zərbələri ilə siyasi nokaut yaşadığını etiraf edirlər.

 

Xankəndi və Valday

Nikol Paşinyan məlum bəyanatı Xankəndində vermişdi. Azərbaycan Prezidenti İlham Əliyev isə daha ali tribunadan - dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Nəhayət, dövlətimizin başçısı Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq - “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə Paşinyana layiqincə cavab verdi.

Bir həftə sonra Paşinyanı Aşqabadda daha bir fiasko gözləyirdi...

 

İkinci zərbə

Prezident İlham Əliyev oktyabrın 11-də Aşqabadda keçirilən MDB dövlət başçılarının zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanın faşist cəlladı Qaregin Njde ilə bağlı iddialarını darmadağın etdi.
Dövlətimizin başçısının “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir” fikirlərinə Ermənistanın baş naziri cavab verməyə uğursuz cəhd etdi və özünü uydurduğu yalan və zəif arqumentlərlə bir qədər də çətin vəziyyətə saldı.

 

Türk birliyi və ya üçüncü zərbə!

Oktyabrın 15-də Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşünə ev sahibliyi etdi.

Öz sərhədlərini genişləndirən təşkilatın beynəlxalq siyasətdəki çəkisi artmaqda davam edir. Şura Macarıstanın da daxil olması ilə Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmaq imkanı əldə edib. Bir sözlə, güclənməkdə olan TDƏŞ Azərbaycan üçün də haqq səsini dünyaya çatdırmaq baxımından mühüm platformadır.

Təşkilatın Bakıda keçirilən növbəti toplantısı Ermənistanın davam edən işğalçılıq siyasətinin ifadə olunması üçün də əhəmiyyətli idi.

Öncədən gözlənildiyi kimi, Prezident İlham Əliyev bu tribunada da Azərbaycanın ən ağrılı probleminə diqqət ayırdı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyişin olmadığını diqqət çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: “İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir”.

 

Dördüncü zərbə 120 ölkədən gəldi!

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü də Ermənistan üçün arzuolunmaz idi.

Prezident İlham Əliyev bu ali tribunadan da beynəlxalq ictimaiyyətin diqqətini bir daha diplomatik ustalıqla Azərbaycanın üzləşdiyi işğal faktına və Ermənistanın törətdiyi cinayətlərə yönəltdi: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür”.

Zirvə Görüşünün yekununda qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.

Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Dərhal xatırladaq ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

 

Vüsal Məmmədov

P.S. Oktyabrın 17-də Fransanın Lion inzibati məhkəməsi bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 18 may 2015-ci ildə, Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərar qəbul etdi. Beynəlxalq müstəvidə sürətlə nüfuzunu (?!) itirən Ermənistanın adətən kürəyini söykədiyi lobbisinin güclü olduğu Fransanın bu bölgəsində belə bir qərarın qəbul edilməsi də, yəqin ki. təsadüfi deyildi.